Sanitariya və Gigiyena Metodları və Normaları Proqramı
(SAHMAN - Sanitation and Hygiene Methods and Norms)
İctimai iaşə xidməti göstərən müəssisələr üçün
TƏLİMAT 1
1
Bu təlimat Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hazırlanmış “İctimai iaşə
müəssisələrində COVID-19-un (koronavirus) profilaktikasına dair Metodiki Göstərişlər” əsasında
hazırlanmışdır.
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT TURİZM AGENTLİYİ
“SAHMAN” Proqramı çərçivəsində nəfəs yolu xəstəliklərinin
(xüsusilə, COVID-19-un) profilaktikasına dair
İctimai iaşə xidməti göstərən müəssisələr üçün
TƏLİMAT
1. Təlim və maarifləndirmə
2. Qabaqlayıcı tədbirlər
3. Təmizlik və dezinfeksiya tədbirləri
4. Xəstəlik daşıyıcıları ilə bağlı nəzarət tədbirləri
1. TƏLİM VƏ MAARİFLƏNDİRMƏ
İctimai iaşə xidməti göstərən müəssisələrdə nəfəs yolu xəstəliklərinin, xüsusilə
COVİD-19 (koronavirus) infeksiyasının yayılmasının qarşısının alınması üçün
maarifləndirmə işlərinin aparılması və müvafiq təlimlərinin keçirilməsi vacibdir. Bu
məqsədlə, “SAHMAN” proqramı çərçivəsində proqramda təlimlərə cəlb olunan ictimai
iaşə xidməti göstərən müəssisənin nümayəndərinə virusdan qorunma tədbirləri barədə
məlumatlar veriləcəkdir. Təlimlərdə iştirak edən və müvəffəqiyyətlə başa vuran
nümayəndələr - “SAHMAN” menecerləri müəssisə daxilində proqram çərçivəsində
nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə görə məsuliyyət daşıyacaqdır.
Təlim zamanı iştirakçılar şəxsi gigiyena (əl gigyenası, nəfəs yolu gigiyenası,
öskürmə etiketi), dezinfeksiya tədbirləri (işlərin dövriliyi, tətbiqinə icazə verilən
maddələrdən düzgün istifadə qaydaları, həmçinin dezinfeksiyanın aparılması qaydaları),
digər növ qabaqlayıcı qoruyucu tədbirlər haqqında metodiki göstərişlərlə təmin
olunacaqlar. “SAHMAN” menecerləri isə öz növbələrində, müəssisənin rəhbərliyini, işçi
heyətini proqram, onun faydaları və görülməli tədbirlər haqqında məlumatlandırmaq və
təlimatlandırmaq öhdəliyi götürəcəklər. Əlavə olaraq, onlar proqrama dair məlumatların,
eyni zamanda tələb olunan gigiyena və sanitariya tədbirlərinə dair yazılı xatırlatmaların
(misal üçün, əl gigiyenası) müəssisə daxilində - soyunub-geyinmə otaqları, sanitar
qovşaq, mətbəx və s. yerləşdirilməsini təmin etməlidirlər.
İşçi heyəti tibbi maskalardan istifadə qaydaları (taxılması, istifadəsi, çıxarılması,
atılması) ilə bağlı təlimləndirilməlidir. Eyni zamanda, işçilər şəxsi gigiyena mədəniyyəti və
praktikada tətbiqi barədə məlumatlandırılmalı və bu tələblərə uyğun davranmaları tələb
edilməlidir.
Yeməklər hazırlanarkən bişirilmə temperaturuna riayət edilməsi, lazımi temperatur
dərəcəsinə qədər bişirilməmiş yeməklərlə qidalanmadan qaçınılması işçi heyətinə
xatırladılmalı, həmçinin xam məhsulların istifadədən əvvəl təmizlənməsi, yemək
dəstlərinin, mətbəx avadanlıqlarının, kirli səthlərin yuyulub təmizlənməsi prosedurları
barədə mütəmadi təlimləndirmə həyata keçirilməlidir.
1.1. Əl gigiyenası
Əl gigiyenası əllərin təmiz olmasını nəzərdə tutur. Bura əllərin yuyulması və (ya)
alkoqol tərkibli vasitə ilə dezinfeksiya olunması daxildir. Bir çox yoluxucu xəstəliklər
birbaşa kontakt vasitəsi ilə yayıldığı üçün düzgün əl gigiyenası restoran və kafelərdə
infeksiyanın yayılmasına qarşı əsas tədbir hesab olunur.
Əl gigiyenası aşağıdakı qaydada tətbiq olunmalıdır:
• işə başlamazdan əvvəl;
• istehlaka hazır və ya bişirilmiş qidanın istehlakından əvvəl;
• çiy qida məhsulunun emalı və hazırlanmasından sonra;
• qida tullantılarının emalından sonra;
• təmizlik işlərindən sonra;
• sanitar qovşaqdan istifadədən sonra;
• asqırma və öskürmədən sonra;
• qida və içki istehlakından və siqaret çəkdikdən sonra;
• pulla təmasdan sonra.
Əllərin yuyulması
Əllərin düzgün qaydada yuyulması üçün birinci, üzük, saat və digər əl aksesuarları
çıxarılmalı, sonra isə əllər aşağıdakı qaydalara və Əlavə A-ya uyğun olaraq
yuyulmalıdır.
• Axar suda əlləri isladın;
• Maye sabun əlavə edin və əlləri sürtərək köpürdün;
• Axar sudan kənarda ovucları, biləkləri, əllərin arxasını, barmaqların arasını və
arxasını, barmaqların ucların 20 saniyə ərzində sürtün (eyni qayda dezinfeksiya
zamanı da tətbiq olunur);
• Sürtəndən sonra əlləri axar suda təmiz yuyun;
• Sonra isə əlləri bir dəfə istifadə olunan təmiz pambıq və ya kağız dəsmalla
qurulayın;
• Əgər ehtiyac olsa, su kranını toxunmadan, dəsmalla tutaraq bağlayın.
1.2. Öskürək/respirator xəstəlik zamanı şəxsi gigiyena
Öskürək/respirator xəstəlik zamanı xəstəliyin mənbəyindən qorunma üçün nəzarət
tədbiridir. İşçi heyəti öskürək/respirator xəstəliklə bağlı aşağıdakı düzgün etiket qaydaları
barədə məlumatlandırılmalıdır:
Nəzarət tədbirləri
• Öskürəndə və asqıranda ağızı kağız salfetlə bağlanmalı və istifadə olunmuş salfet
ağzı bağlı zibil qabına atılmalıdır;
• Respirator axıntı ilə təmasdan sonra əllər müvafiq qaydada təmizlənməlidir;
• Respirator simptomları olan qonaqlara tibbi maskalar təklif olunmalıdır;
Sağlamlıq vəziyyətinə şübhə olan işçiləri evdə qalmağa təşviq edin:
• Kəskin respirator xəstəlik əlamətləri olan işçilərin xəstəlikdən azad olanadək evdə
qalmaları tövsiyə olunur.
• Kəskin respirator xəstəlik əlamətləri hiss edən işçilərdən xəstəliyini təsdiqləyən
xəstəlik vərəqəsi tələb etməyin.
• Xəstə ailə üzvünə qulluq etmək üçün işçilərə evdə qalmağa imkan verən çevik
siyasət formalaşdırın. Bu səbəblə adi vaxtlarda olduğundan daha çox işçinin evdə
qala biləcəyini nəzərə alın.
Sağlamlıq vəziyyətinə şübhə olan işçiləri digərlərindən ayırın:
• İşə gəldikdə və ya gün ərzində kəskin respirator xəstəlik əlamətləri (öskürmə,
nəfəs darlığı və s.) göstərən işçilərin digərləri ilə təması kəsilməli, onlar dərhal evə
göndərilməli və təcili tibbi yardım üçün tibb müəssisəsinə müraciət etməlidir.
2. QABAQLAYICI TƏDBİRLƏR
“SAHMAN” proqramında iştiak edən müəssisələr aşağıdakı qabaqlayıcı qoruyucu
tədbirləri həyata keçirməyi öhdələrinə götürürlər:
• İşçi heyəti və müştərilərin sağlamlığına nəzarət edilməsi (müəssisəyə girişdə
sensor termometr vasitəsilə temperaturun ölçülməsi, soyuqdəymə, infeksiya
əlamətlərinin olub-olmamasına daimi nəzarət);
• Özünü narahat hiss edən, temperaturu 37 dərəcə C-dən yüksək olan, nəfəs yolu
xəstəliklərinin simptomlarını nümayiş etdirən işçi heyəti və müştərilər üçün təcili
tibbi xidmətin təşkili;
• Müəssisə daxilində - yemək masalarında, mətbəxdə və s. şəxsi gigiyena və
dezinfeksiya tədbirlərinin görülməsi üçün zəruri olan vasitələrin təmin edilməsi:
sensor termometr, əl dezinfeksiyaedici məhlullar, əl salfetləri, üz maskaları,
əlcəklər, istifadə edilmiş tibbi maskalar və əlcəklərin atılması üçün ayrıca qapalı
torbalar, dezinfeksiyaedici məhlullar;
• İşçi heyəti tərəfindən üz maskaları və əlcəklərin məcburi istifadəsi;
• Müştərilər üçün tələb olunduqda üz maskalarının və əlcəklərin təchiz olunması;
• Müəssisə daxilində mütəmadi təmiz hava axınının təmin olunması;
• Hava dövriyyəsi sisteminin işlək vəziyyətdə olmasının təmin olunması;
• İcazə verilən tutumun 50% -dən çox istifadə olunmaması (tövsiyə olunur);
• Görülən bütün tədbirlərin qeydiyyatının aparılması və sənədləşdirilməsi.
2.1. Təhlükəsiz məsafə tədbirləri
• Müştərilər arasında ən azı 1 metr məsafəni təmin etmək üçün növbə yerlərinin
döşəmə işarələri ilə ayrılması;
• Yemək masaları arasındakı 2 metrlik məsafənin tətbiqi;
• Yemək masasında 6 oturacağa qədər məhdudiyyətə riayət olunması.
3. TƏMİZLİK VƏ DEZİNFEKSİYA TƏDBİRLƏRİ
İctimai iaşə müəssisələrində qida ilə təmas edən səthlərin, avadanlıqların
təmizlənilməsi və dezinfeksiyası aşağıdakı qaydada həyata keçirilir:
Təmizləmə - sintetik yuyucu vasitələrin köməyi ilə səthlərdən və avadanlıqlardan
mikrob və s. xəstəlik törədicilərinin kənarlaşdırılması prosesidir.
Təmizləmə zamanı görüləcək işlər:
1. İlk öncə səthləri sintetik yuyucu vasitələr və ilıq su ilə yuyun;
2. Təmiz və ya içməli su ilə durulayın;
3. Təmiz dəsmalla qurulayın (təmiz su dedikdə, istehlak üçün yararlı olan su nəzərdə
tutulur).
Dezinfeksiya - Səthlərdə xəstəlik törədən mikroorqanizmləri sağlam orqanizmə
yoluxduran infeksiya mənbəyini məhv etmək üçün aparılan və səthlərin
təmizlənməsini tam təmin etmək üçün tətbiq edilən üsul və vasitələrdir.
Dezinfeksiya zamanı görüləcək işlər:
1. Seçilmiş və tətbiqinə icazə verilən dezinfeksiyaedici vasitə ilə səthi isladın;
2. Dezinfeksiyaedicini üzərində olan təlimata uyğun olaraq tətbiq edin,
dezinfeksiyedicini səthdə etiket məlumatında qeyd edilən müddətdə saxlayın;
3. Təmiz nəm dəsmal ilə qurulayın.
İctimai iaşə müəssisələrində dezinfeksiya edilməsi vacib olan sahə və səthlərə
daxildir:
• İnzibati binanın ərazisi;
• Binanın daxilində olan bölmələr:
• Mətbəx və emal sahələri;
• Yemək qəbulu salonu;
• Sanitar otaqlar (sanitar qovşaq, duş, soyunub-geyinmə);
• Anbarlar;
• Masa və stulların səthləri;
• Pəncərələr və pəncərə altlıqları, tutacaqlar;
• Döşəmə və divar səthləri;
• Qapılar və qapı tutacaqları;
• Mətbəx avadanlıqları;
• Təmizlik üçün istifadə olunan inventarların saxlanıldığı bölmələr və s.
4. COVİD-19 XƏSTƏLİYİ DAŞIYICILARI İLƏ BAĞLI NƏZARƏT TƏDBİRLƏRİ
Xəstəlik daşıyıcıları ilə bağlı nəzarət tədbirləri standart tədbirlərə əlavə olaraq
həyata keçirilir. Aşağıdakı tədbirlər daxildir:
• İnfeksiyanın yayılmasının qarşısını almaq üçün qızdırması və respirator
simptomları olan iştirakçıların tibbi maskalar geyinməsinə diqqət edilməsi;
• Xəstə iştirakçıların dərhal tibbi xidmətə müraciət etməsini və kütləvi yerlərə
getməməsinin tövsiyə edilməsi;
• Xəstə qonaqlarla təmasın minimuma endirilməsi və onunla təmasda olan şəxslər
tərəfindən şəxsi mühafizə vasitələrindən istifadə edilməsi.